AQOKKNF-nın və BJKKF-nın prezidenti Tarverdi Allahverdiyevin Qobustan rayonuna rəsmi səfəri
Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov 5 avqust 2015-ci il tarixdə rayonumuzda rəsmi səfərdə olan beynəlxalq dərəcəli idman ustalarını qəbul etmişdir. BJKKF-nın və AQOKKNF-nın prezidenti, BOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kompo-Kobudo Federasiyasının vitse-prezidenti , VIII-dan qara kəmər sahibi Tarverdi Allahverdiyev və Azərbaycan Kyokushinkaykan Karate İ.K.O. Matsushima Təşkilatının prezidenti, V-dan qara kəmər sahibi Vidadi Xəlilov rayonumuzda rəsmi səfərdə olmuşlar. Karate və əlbəyaxa döyüş növləri üzrə beynəlxalq yarışlarin qalibi olmuş həmyerlimiz 1- ci dan qara kəmər sahibi İbad Rzazadənin təşkilatçılığı ilə rayonumuza gələn qonaqlar ilk öncə rayon İcra hakimiyyəti başçısı Adil Məmmədovun rəsmi qəbulunda olmuşlar. Görüşdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının idmana göstərdiyi diqqət və qayğısından söhbət açılmışdır. İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da öz növbəsində bu siyasətin layiqincə davam etdirildiyini, rayon idmançılarının həvəsləndirilməsi istiqamətində müxtəlif tədbirlərin görüldüyünü vurğulamışdır. Həmçinin, Qobustan rayonunda idmanın inkişafında göstərdiyi xidmətlərə görə İbad Rzazadəyə öz təşəkkürünü bildirmiş, uğurlarını davam etdirməsi üçün ondan öz dəstəyini əsirgəməyəcəyini qeyd etmişdir. İdmançımız da öz növbəsində göstərilən diqqət və qayğıya görə İcra Hakimiyyətinin başçısı Adil Məmmədova, başçının müavini Məharət Əkbərova, rayon rəhbərliyinə və gələn qonaqlara öz minnətdarlığını bildirmiş, göstərdikləri etimadı doğruldacağına söz vermişdir. Həmçinin beynəlxalq dərəcəli idman ustalarının rayonumuza səfərini özü və rayon idmançıları üçün böyük ruh yüksəkliyi və dəstək olduğunu qeyd etmişdir. Qonaqlar da öz növbələrində göstərilən bu diqqətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmiş, həmçinin təmsil etdikləri qurumlar adından idmanın inkişafında göstərdiyi xidmətlərə görə rayon icra başçısına fəxri fərman təqdim etmişdirlər. Görüşdən sonra xatirə şəkilləri çəkilmişdir.